Ödəniş və qaytarma şərtləri
Necə ödənilir, sifariş nə vaxt təsdiqlənir və hansı hallarda pul geri qayıdır.
Nefis MMC · VÖEN 1906837672
Necə ödənilir
Sifarişin ödəniş səhifəsində o an açıq olan üsullar göstərilir:
- Kartla onlayn — epoint.az-ın qorunan səhifəsində. Orada Visa və Mastercard, həmçinin telefonunuzdakı Google Pay və ya Apple Pay təklif olunur. Kart məlumatları bizə gəlmir.
- Köçürmə — kartdan-karta, M10 və ya bank hesabı. Məbləği köçürüb qəbzi həmin səhifəyə yükləyirsiniz, biz onu yoxlayırıq.
Ödəniş üsullarının heç biri açıq olmayanda sifarişiniz qeydə alınır və biz sizinlə özümüz əlaqə saxlayırıq.
Sifariş nə vaxt təsdiqlənir
Kartla ödəyəndə təsdiq bankdan gəlir: bank cavab verən kimi sifarişin statusu «Təsdiqləndi» olur və qutu hazırlanmağa düşür. Bu bir neçə saniyə çəkir, bəzən bir az uzanır.
Ödəniş başlayandan sonra səhifədə «yoxlanılır» yazısı görünür və kart düyməsi gizlədilir — ikinci dəfə ödəməyin. Bu gözləmə yarım saatdan sonra özü qurtarır və düymə yenidən açılır.
Bankdan çıxan məbləğ sifarişin məbləği ilə üst-üstə düşməsə, sifariş avtomatik təsdiqlənmir: belə halı biz əl ilə yoxlayırıq və sizinlə əlaqə saxlayırıq.
Köçürmə ilə ödəyəndə qəbzi yükləyəndən sonra status «Çek yoxlanılır» olur; yoxlayıb təsdiqləyirik.
Ödənilməmiş sifariş
Ödənişi olmayan və qəbzi göndərilməyən sifariş bir gündən sonra ləğv edilə bilər — pul çıxmadığı üçün qaytarılası bir şey olmur. Qəbz yüklənibsə, sifariş gözləyir: onu insan yoxlayır.
Nə vaxt qaytarmırıq
Hər qutu bir müştəri üçün hazırlanır: sizin şəkliniz və sizin sözlərinizlə çap olunur, başqasına satmaq mümkün deyil. Ona görə hazır fərdi qutu sadəcə fikir dəyişdiyi üçün geri qaytarılmır.
Nə vaxt qaytarırıq
- İş hələ başlamayıbsa — yəni qutu hazırlanmağa düşməyibsə, sifarişi ləğv edib pulu qaytarırıq.
- Səhv bizdədirsə — başqa dizayn, başqa şəkil, pozulmuş çap, zədəli qutu.
- Sifarişi biz hazırlaya bilmiriksə.
Səhv bizdə olanda çatdırılmanın haqqını da qaytarırıq. Zədəli qutunu qəbul edəndə onu açmadan şəkil çəkin — bu, məsələni tez həll edir.
Necə xəbər verirsiniz
Bizə yazın və sifarişin nömrəsini, nəyin səhv olduğunu və mümkünsə şəkli göndərin. Qutu əlinizə çatan kimi yoxlayın: problemi nə qədər tez bilsək, bir o qədər tez düzəldirik.
Pul necə qayıdır
Kartla ödəmisinizsə, pul ödədiyiniz karta qayıdır — bankdan asılı olaraq 1–7 iş günü çəkir. Köçürmə ilə ödəmisinizsə, pulu hansı karta və ya hesaba qaytaracağımızı sizdən soruşuruq: bizdə sizin hesab nömrəniz saxlanmır.
Qaytarış tamamlananda sifarişin statusu «Vəsait qaytarıldı» olur və hesabınızdakı e-poçta məktub gedir.
Əlaqə
- Telefon və WhatsApp: +994 99 230 80 50 — Hər gün 10:00–20:00
- Instagram: nefis.az
- E-poçt: info@nefis.az
- Saytın küncündəki söhbət — açıq olanda ora yazdığınız birbaşa bizə düşür.
Şərtlər dəyişə bilər; saytda həmişə son variant göstərilir.